“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tədbir keçirildi
Elm və Təhsil
14.10.2024 17:05
Oktyabrın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
TodayPress xəbər verir ki, tədbirdə ilk növbədə layihə haqqında ümumi məlumat verilib.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib.
O bildirib ki, artıq 4 ildir “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi həyata keçirilir. Layihə ilk başlayanda 14, növbəti il 25, bu il isə 144 nəfər qız təqaüd əldə edib. Ümumilikdə, isə indiyə qədər 265 nəfər təqaüd alıb.
Elm və təhsil naziri Emin Əmrullayev isə təhsilin cəmiyyət üçün vacibliyindən danışıb. O, indi ali təhsil alan şəxslərin sayının 2 dəfə artığını vurğulayıb. Qeyd edib ki, istər xarici ölkələrdə, istərsə də, işğaldan azad olunmuş ərazilərdə azərbaycanlıların təhsil hüququnun bərpa olunması prioritet məsələ kimi qarşıya qoyulub.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov isə digər təqaüd proqramlarına və bu proqramların qızlar üçün mahiyyətini diqqətə çatdırıb.
Daha sonra layihə haqqında videomaterial və layihə çərçivəsində regionlardan gənc qızların təhsilinə dəstək göstərilməsi məqsədilə yaradılan “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan sosial həssas təbəqəni təmsil edən, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Töhfə Səməd