Gənc alimlərdən gələcəyin problemlərinə həll yolu
12 mart tarixində “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin açılış mərasimi baş tutub.
TodayPress xəbər verir ki, elm və təhsil sahəsinin rəsmiləri, ekspertlər və deputatların iştirak etdiyi tədbirdə şagirdlər öz innovativ layihələrini təqdim ediblər.
Müsabiqənin iştirakçılarından biri – 20 nömrəli məktəb-liseyin IX sinif şagirdi Mədinə Həsənli şəhərlərin daha ağıllı və ekoloji dayanıqlı olması üçün hazırladığı layihəni təqdim edib.
O, şəhər işıqlandırma sistemlərinin real vaxt rejimində tənzimlənməsi üzərində işlədiyini diqqətə çatdırıb:
"Layihəmizin əsas məqsədi şəhərlərdə ağıllı işıqlandırma texnologiyalarını tətbiq edərək, enerji sərfiyyatını azaltmaq və ətraf mühiti qorumaqdır. Sistem avtomatik tənzimlənərək yalnız ehtiyac olduqda işıqlandırmanı artırır və ya azaldır. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan böyük faydalar gətirəcək".
Gənc İstedadlar liseyinin IX sinif şagirdi Samirə Cəfərli isə avtomobil qəzalarının təsirini azaltmaq üçün çalışdığı bariyer layihəsini təqdim edib. O vurğulayıb:
"Hazırda avto qəzalar çox böyük bir problemdir və mövcud konstruksiyalar sərt olduğuna görə zərbənin enerjisini tam uda bilmir. Biz yol hadisələrini analiz edərək mövcud sərt konstruksiyaları yeni elastik fırlanan bariyerlərlə əvəz etməyə ideyasına gəldik, bu materiallar emal olunan şinlərdən hazırlanır və bu layihəmizi iqtisadi cəhətdən sərfəli, ekoloji, təmiz və fiziki cəhətdən effektiv edir. Bizim bariyerlər qəzanı 40-90 faizə qədər azaldır".
Qeyd edək ki, bu müsabiqə yalnız gənclərin elmi biliklərini sınamaq üçün deyil, həm də onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün mühüm platformadır. Hər bir layihə real problemlərin həllinə yönəlib.
Müsabiqənin sonunda qaliblər müəyyən olunacaq və onların bir qismi beynəlxalq səviyyədə ölkəni təmsil etmək şansı qazanacaq.
Türkan İsgəndərli
tag: Gənc,Alim,Elm,Təhsil,Sabahın Alimləri,Müsabiqə,Todaypress.az,
