Emin Əmrullayev Türkiyə YÖK sədri ilə əməkdaşlıq imkanlarını müzakirə etdi

Elm və Təhsil

28.02.2025 19:05

2360

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak etmək və Türkiyə ali təhsil müəssisələrinin rektorları ilə görüşmək məqsədilə İstanbulda səfərdədir.

TodayPress xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumata verilib.

Bildirib ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib. 

Nümayəndə heyəti səfər zamanı Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, o cümlədən Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İstanbul Texniki Universitetinin (İTÜ) rektoru Hasan Mandal ilə görüşüb.

Görüş çərçivəsində sözügedən universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə edilib. 

Bununla yanaşı, Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.

Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.

tag: Təhsil,Əməkdaşlıq,Emin Əmrullayev,YÖK,todaypress.az,