Emin Əmrullayev: “Dini sahədə kadr hazırlığına yenidən baxmaq olar”
Elm və Təhsil
16.10.2024 11:00
"Dini sahələrdə həm bakalavr, həm magistr dərəcəsi üzrə ixtisasların müəyyənləşməsinə xüsusi ehtiyac var".
TodayPress xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında bildirib.
"Heç də bütün sahələri bakalavr və magistr dərəcələrinə bölməyə ehtiyac yoxdur. Dini sahədə kadr hazırlığına yenidən baxmaq olar. Sahələr artır, yeni ixtisaslar yaranır. Yeni sahələr üzrə isə heç də həmişə yeni ixtisaslar yaratmağa ehtiyac yoxdur. Son illər ərzində alimlərimizin elmi araşdırmalarının sayında artım müşahidə edirik. Çox istərdik ki, dini sahədə də geniş miqyasda araşdırma məqalələri görək" deyə nazir əlavə edib.
Qeyd edək ki, elmi-praktik konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həlli ilə bağlı təkliflərin müzakirəsi məqsədilə təşkil olunub.
Günəş Mərd
tag: İxtisaslar, Emin Əmrullayev, Dini Qurumlar,Təhsil ,Kadr ,todaypress.az,