Emin Əmrullayev: “Bugünkü uşaqların göstəriciləri, orta nəsillə müqayisədə olduqca yüksəkdir”

Elm və Təhsil

05.12.2024 11:25

“Azərbaycanda 2 milyon uşaq təhsil alır. Onların təlim-tərbiyəsilə isə 200 mindən çox müəllim məşğul olur”. 

TodayPress xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda deyib. 

Onun sözlərinə görə, qarşıda çox savadlı və bacarıqlı bir nəsil gəlir. Bugünkü 15 yaşa qədər olan uşaqların göstəriciləri, orta nəsillə müqayisədə olduqca yüksəkdir. COP29-da da həmin gənclər bir daha bizi qürurlandırdı. Onların rəftarı qonaqların gözləntisindən də yüksək idi:

“Bizim üçün ən vacib olan isə qız uşaqlarının təhsil almasıdır. Onların savadlı olması gələcək nəslin bilikli olması deməkdir. 4-cü sinifin sonunda apardığımız qiymətləndirmələrə əsasən son 10 ildə biz qızların nəticələrinin oğlanlardan daha yüksək olduğunu görürük. Lakin 15 yaşlılar arasında isə bu nəticə əksini nümayiş etdirir. Bunun başlıca səbəbi isə sosial problemlərdir. Biz bunu dərindən müzakirə etməliyik. Təəssüf ki, erkən nigah, təhsildən yayınma halları qeydə alınır. Bu təkcə həmin ailənin daxili məsələsi deyil, bütün cəmiyyətin məsələsidir”. 

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində keçirilən forumda Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak edir. Bu forum 2024-cü ilin şüarı olan “Yaşıl dünya naminə həmrəylik ili”nə əsaslanaraq “Uşaqlar və Ekologiya” kimi adlandırılıb. 

Töhfə Səməd

tag: Elm, Cəmiyyət, Təhsil, Müzakirə,todaypress.az,