Ekspert həyəcan təbili çaldı: “Zərərli vərdişlərə qurşanan şagirdlərin sayı artır”

Elm və Təhsil

26.11.2024 12:27

“Təhsil sistemimizdə kişi müəllimlərin sayı ümumi müəllimlərin cəmi 21%-ni təşkil edir. Bu rəqəm bir çox sosial və peşəvi faktorlarla izah olunur: aşağı maaşlar, təhsil sahəsindəki qadın dominantlığı, həmçinin müəllim peşəsinə bəzi cəmiyyətlərdə daha çox qadınlara uyğun bir sahə kimi baxılması. Bununla belə, kişi müəllimlərin olması şagirdlərin, xüsusilə oğlan uşaqlarının davranış və psixososial inkişafı üçün vacibdir”. 

TodayPress xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov bu barədə öz “Facebook” hesabında yazıb. 

Onun sözlərinə görə, zamanla təhsil sistemimizdə diqqət çəkilən bu məsələdə digər problem kişi müəllimlərin davranışları ilə bağlıdır: 

“Bəzi kişi müəllimlərin məktəb həyətində siqaret çəkməsi, hətta bunu şagirdlərin gözləri önündə etməsi, təhsilin nümunəvi obrazını kölgələyir. Araşdırmalara görə, müəllimin davranışları şagirdlərin yalnız akademik nailiyyətlərinə deyil, həm də şəxsi keyfiyyətlərinə təsir edir. Harvard Universitetinin 2022-ci ildə apardığı tədqiqat göstərir ki, şagirdlərin 68%-i müəllimlərinin gündəlik davranışlarının öz həyat tərzlərinə birbaşa təsir edir. Bu o deməkdir ki, müəllimin yalnız sinifdəki davranışı deyil, məktəbin həyətində, tədbirlərdə və ictimai yerlərdəki hərəkətləri də şagirdlər tərəfindən mənimsənir. Məktəb həyətində siqaret çəkən müəllimi görən şagird üçün bu, yalnız bir vərdiş deyil, həm də “böyüklüyün simvolu” kimi qəbul edilə bilər. Bunun nəticəsində zərərli vərdişlərə qurşanan şagirdlərin sayı artır”. 

Ekspert diqqətə çatdırıb ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Azərbaycan məktəblərində 15-17 yaş aralığında olan şagirdlərin təxminən 11%-i siqaret çəkir. Bunun səbəblərindən biri, böyük ehtimalla, böyüklərin, o cümlədən müəllimlərin mənfi nümunə göstərməsidir. Mövcud qanunvericiliyə əsasən, məktəb və onun ətrafında siqaret çəkmək qəti şəkildə qadağandır. “

Kamran Əsədovun sözlərinə görə, təhsilin təmiz və sağlam mühitdə keçirilməsi üçün bu qadağanın nəzarəti gücləndirilməlidir. Müəllimlər arasında zərərli vərdişlərin mənfi təsiri barədə maarifləndirmə işləri aparılmalıdır. 

Günəş Mərd

tag: Məktəb, Şagirdlər, Kamran Əsədov, DST, Azərbaycan, todaypress.az,