Distant təhsil alanların diplomları niyə tanınmır? – Ekspert rəyi
Elm və Təhsil
03.08.2024 11:10
“Hazırda distant təhsil alanların diplomlarının tanınması real görünmür”.
Bunu təhsil eksperti Elçin Əfəndi TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Təhsil haqqında” qanunvericilikdə distant formada təhsil öz əksini tapsa da, hazırda istər ölkə daxilində, istərsə də ölkədən kənar distant formada təhsil alan şəxslərin diplomu tanınmır:
“Bu, 5-10 ildən sonra baxa biləcəyimiz bir məsələdir. Fikrimcə, distant formalı təhsil alanların diplomlarının tanınmaması daha məqsədəuyğundur. Çünki xaricdə təhsil alanların böyük əksəriyyəti normal formada təhsil almır. Hər hansı bilik və bacarığı olmadığı halda, saxta diplomunu gətirib təqdim edir. Əlbəttə ki, onların tanınması düzgün deyil”.
Ekspert qeyd edib ki, gələcəkdə rəsmi olaraq distant təhsil alanların diplomlarının tanınması ancaq onların konkret qiymətləndirilməsi aparıldıqdan sonra və reallığı əks etdirən akademik göstəriciləri təqdim edildikdən sonra mümkün ola bilər:
“Hazırda ölkəmizdə fors-major hallarda distanat formalı təhsilə keçid müvafiq dövr ərzində insanların təhsil prosesindən kənarda qalmaması üçün tətbiq edilir. Daimi tətbiq olunması isə indi gözlənilən deyil”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində distant təhsil haqqında bəndlər var, lakin bunun işləmə mexanizmi və tətbiqi yoxdur.
Günəş Mərd
tag: Distant Təhsil, Azərbaycan, Diplom,Elçin Əfəndi, todaypress.az,