Dini təhsil sahəsində mövcud vəziyyət müzakirə olundu
Elm və Təhsil
16.10.2024 13:25
Oktyabrın 16-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransı keçirilib.
TodayPress xəbər verir ki, konfrans ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilib.
Tədbirdə dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir. Nazir bu sahədə kadr hazırlığına xüsusi önəm verilməli olduğunu vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün dini təhsilin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib ki, dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Onun sözlərinə görə, din sadəcə ehkamlardan ibarət deyil, sərhədlərini müəyyən etməkdə çətinlik çəkdiyimiz geniş bir informasiya məkanıdır.
Millət vəkili Sahib Alıyev isə ideoloji təhdidin dövlət üçün yaratdığı təhdidlərdən söz açıb. Deputat bəyan edib ki, ideoloji təhdid sonradan hərbi təhdidlə əvəzlənir. Bunun qarşısını almaq üçün müvafiq tədbirlər görülməlidir.
Ardınca Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev çıxış ediblər.
Elmi-praktik konfrans öz işini “Azərbaycanda dini təhsil: keçmişdən bugünə”, “Dünyəvi dövlətdə dini təhsilin aktual məsələləri”, “İslam coğrafiyasında dini təhsil: ənənə və müasir çağırışlar”, “Dini tərbiyə, dini təhsil və din tədrisi” mövzularında panel müzakirələrlə davam etdirib.
Günəş Mərd
tag: Dini Təhsil,Müzakirə ,Təhsil ,Azərbaycan ,Emin Əmrullayev, todaypress.az,