DİM sədri: “Gənclərimiz ixtisas seçimi edərkən əmək bazarının tələblərinə nəzər yetirmir”

Elm və Təhsil

19.12.2024 11:45

“Biz 14-15 yaşından başlayaraq bütün gənclərlə təmasda oluruq”. 

TodayPress xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 4-cü Azərbaycan Karyera İnkişaf Forumunda deyib. 

Onun sözlərinə görə, yüzlərlə gənc universitetlərə imtahan vermədən, sənəd göndərmədən əmək bazarına qatılır. Bu say ildən-ilə azalsa da, hələ də narahatedici dərəcədə say mövcuddur. 

“DİM öz tərəfindən xüsusi psixi testlər hazırlayıb ki, həmin testlərə cavab verən şəxslərin hansı istiqamətə daha çox yönələ biləcəyi göstərilir. Gənclər arasında keçirdiyimiz testlərdə 2 mindən çox şəxs iştirak edib. 

Gənclərimiz ixtisas seçimi edərkən nə əmək bazarını, nə də ki, beynəlxalq arenadakı tələblərə nəzər yetirirlər. Onlar əsasən dəbdə olan ixtisaslara meyillənir və ya ətrafın yönəldməsi ilə öz gələcəklərini müəyyənləşdirirlər. Bu gün 1-ci ixtisas qrupu üzrə İT sahəsində minlərlə müraciət qeydə alırıq. Lakin onlardan bir çoxu qəbul olunduqdan sonra bu ixtisasa özlərini aid hiss etmirlər. Buna görə də həmin psixoloji testləri etmək onların ixtisas seçiminə kömək edəcək”. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forum “Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil edilir. 

Töhfə Səməd

tag: İmtahan, DİM, İxtisas ,Məleykə Abbaszadə, todaypress.az,