DİM markerlərə nə qədər vəsait ödəyir? - AÇIQLANDI
“Markerlər kifayət qədər əmək haqqı ilə təmin olunurlar”.
TodayPress xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov bunu KİV nümayəndələrinin 8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə etmək üçün təşkil olunan mediator zamanı deyib.
A.Qasımov 2024-cü ildə keçirilən bütün imtahanların statistikasına əsasən qeyd edib ki, markerlər ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçirib və onlara 1 milyon manatdan çox əmək haqqı ödənilib.
Onun sözlərinə görə, riyaziyyat və Azərbaycan dili kimi fənnlər bütün qruplar üzrə olduğu üçün həmin fənni yoxlayan markerin yoxlayacağı işlərin də sayı çox olur. Lakin bialogiya kimi sadəcə bir ixtisas qrupunda olan fənnlər üçün markerlərə ödəniş daha az olunur.
“Bundan başqa, tapşırıqlara görə də ödənişin miqdarı dəyişir. Elə tapşırıqlar var ki, sadəcə bir cavabdan ibarətdir və onun yoxlanılması cəmi 5-10 saniyə çəkir. Bu halda, tapşırıq başına ən aşağı ödəniş 8 qəpik olur. Lakin məsələlər, həll tələb edən tapşırıqlar var ki, hansı ki, onun yoxlanılması üçün ən az 1 dəqiqə vaxt sərf olunur. Bu zaman həmin tapşırıq üçün ən yüksək ödəniş hesab olunan 50 qəpik ödənilir”.
DİM rəsmisi diqqətə çatdırıb ki, yoxlama prosesi zamanı markerin fəaliyyəti zamanı hər hansı səhv aşkar edilərsə, onun fəaliyyəti müvəqqəti olaraq dayandırılır:
“Səhv hallarına dair müzakirə aparılır, zəruri izah və təlimatlar verildikdən sonra marker prosesə yenidən qoşulur”.
Töhfə Səməd
tag: İmtahan,Qasımov,Milyon,Mərkəz,Markerlər,Todaypress.az,