Ceyhun Kərəmov: “Peşə təhsili üçün ayrılan vəsaitin miqdarı artıb”

Elm və Təhsil

14.01.2025 10:40

“Peşə təhsili yalnız məşğulluq məsələsinə deyil, həm də inkişaf edən iqtisadi sahəyə ixtisaslı kadrların yetişdirilməsinə xidmət edir”.       

TodayPress xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə peşə təhsilində dövlət-özəl əməkdaşlığına dair” keçirilən konfrans zamanı deyib. 

O bildirib ki, dövlət və özəl sektor bu işdə birgə fəaliyyət göstərməlidir: 

“Son illər dövlət büdcəsindən peşə təhsili üçün ayrılan vəsaitin miqdarı olduqca artıb. Təkcə bu il peşə təhsili üçün 82.2 milyon manat ayrılıb.  Həmçinin bu illər ərzində peşə təhsili üzrə müraciətlərdə 60% faizdən çox artım qeydə alınıb. Keçən ildən başlayaraq adambaşı maliyyələşmə sisteminə keçilib. Bu isə bizə tələbəyönümlü inkişafa imkanlar yaradır. Təəssüf ki, uzun illər peşə təhsili infrastruktur cəhətdən ciddi problemlərlə üzləşib. Lakin Bakı, Lənkaran, Gəncə, Masallı, Qəbələ və bir çox digər rayonlarımızda peşə təhsili üçün yeni binalar tikilib. Füzulidə isə hazırda tikinti işləri davam edir”. 

Ceyhun Kərəmov sonda vurğulayıb ki, tikinti sahəsinə yönələn peşə təhsilində xeyli irəliləyiş əldə edilib və yeni sahələr açılıb. Hazırda 1200-ə yaxın tələbə tikinti sahəsi üzrə təhsil alır. Lakin bu say kifayət deyil və artırılması planlaşdırılır.     

Qeyd edək ki, konfransın əsas məqsədi tikinti sektorunda işəgötürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsidir. 

Töhfə Səməd

tag: Peşə ,Təhsil ,Vəsait, Miqdar, todaypress.az,