Bu il rekord sayda uşaq məktəbəqədər hazırlıq qruplarında təhsil almağa başlayıb
Elm və Təhsil
29.10.2024 13:00
"İlin sonunadək 450 bağçada sanitar vəziyyətin yoxlanılması prosesi həyata keçiriləcək".
TodayPress xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 1 illik fəaliyyətinə dair Agentlik direktoru Eşqi Bağırov "Hesabat Brifinqdə" bildirib.
Onun sözlərinə görə, indiyədək 345 ümumi təhsil müəssisəsində yoxlama aparılıb:
“213 nəfər işdən azad edilib, 195 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib. Bu istiqamətdə işlər davam etdiriləcək. Məktəbəqədər təhsil müəssisələrində təhsil alan şagirdlərin qida təhlükəsizliyi bizim üçün prioritetdir".
Bundan əlavə 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib. Proses 145 müəssisənin 107-də baş tutub. Nəticədə 125 qrup bağlanılıb. 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora töhmət verilib.
Eşqi Bağırov bildirib ki, bu il rekord sayda - 93 mindən çox uşaq məktəbəqədər hazırlıq qruplarında təhsil almağa başlayıb. Məktəbəqədər təhsilin yüksək səviyyədə təşkil olunması üçün lazımi tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Müəllimlərin sertifikasiya imtahanından danışan Agentlik direktoru, bu istiqamətdə səsləndirilən mənfi fikirlərin əsassız olduğunu qeyd edib.
“Məqsədimiz savadlı kadrların işlə təmin olunmasıdır. Bu ilin sentyabrından 55 minə yaxın müəllim əməkhaqqını artımla alıb" deyə o, əlavə edib.
Günəş Mərd
tag: Eşqi Bağırov, Təhsil, Elm, Uşaqlar, Bağça, todaypress.az,