“Bu absurd və əsassızdır” – Təhsil eksperti onları tənqid etdi

Elm və Təhsil

11.06.2024 14:07

İyunun 8-də keçirilən təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 min 296 müəllimdən 3 min 909-u keçid balını toplaya bilməyib. Qeyd olunub ki, onlardan 3 min 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub. Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təkrar sertifikatlaşdırmanın nəticələrinə dair müraciətlərə baxılması məqsədilə komissiya yaradılıb. 

Sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərin nəticələri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bunu imtahanın çətin olması ilə, bəziləri isə müəllimlərin savadı ilə əlaqələndirib. 

Bəs sertifikatlaşdırma imtahanlarını müəllimlərin həqiqi savad göstəricisi saymaq olarmı? İmtahanın çətin olmasını iddia edənlər nə dərəcə haqlıdırlar?  

Mövzu ilə bağlı TodayPress-ə danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, təkrar sertifikatlaşdırma imtahanı müəllimlərə yaradılan ikinci şans olub və təəssüf ki, xeyli müəllimlər bu şansdan bəhrələnə bilməyiblər: 

“Əslində bu gözlənilən idi. Çünki biz hər zaman qeyd edirik ki, məktəblərimizdə təhsilin keyfiyyəti və səviyyəsi heç də ürəkaçan deyil. Bunun başlıca səbəblərindən biri və birincisi müəllimlərlə bağlıdır. Yəni biz savadlı müəllim olmadan keyfiyyətli təhsil verə bilmərik. Hesab edirəm ki, gələcəkdə bu sertifikasiya bütün təhsil sistemini əhatə etməlidir”. 

İ.Orucov ölkəmizdə təhsil sahəsindəki neqativ hallara da diqqət çəkib:

“Zamanında məktəblərdə müəllim çatışmazlığı var idi. O vaxt hətta fərqli sahələrdə olan insanlar ixtisasdəyişmədə iştirak edib, orta məktəblərə müəllim kimi işə qəbul olunurdular. Həmin ixtisasdəyişmənin də nə formada keçirildiyini hamımız bilirik. O dönəm kolleclərdə qəbul nə formada təşkil olunurdu onu da hamımız bilirik.Təsəvvür edin xarici təhsili olmayanlar, xarici dil müəllimi işləyirlər. Həmin şəxslər vəzifələrindən uzaqlaşdırılmalıdır”.

Təhsil ekspertinin sözlərinə görə, sertifikasiya müəllimlərin savad göstəricisidir və sertifikatlaşdırma imtahanında sualların çətin olduğunu iddia edənlər yanılırlar: 

“Mən sertifikasiya sualları ilə tanışam. O suallar heç də çətin deyil. Hesab edirəm ki, bu suallar gələcəkdə çətinləşəcək. Biz ən yaxşılardan yaxşılarını seçib müəllim kimi məktəblərdə saxlamalıyıq. Müəllim bütün hallarda öz sahəsini mükəmməl bilməlidir. Abituriyent imtahanda aşağı nəticə göstərəndə deyirik psixoloji hazırlığı yerində deyil. Bu psixoloji hazırlığı təmin edən də müəllim olmalıdır. Sertifikasiya həm də müəllimlərin əməkhaqqısını stimullaşdırır”. 

Ekspert sertifikatlaşdırma imtahanında aşağı nəticə toplayanların sosial şəbəkələrdə yazdıqlarını absurd və əsassız adlandırdı.  

Günəş Mərd

tag: Təhsil, Ekspert, Müəllimə,Məktəb, İxtisasdəyişmə,Sertifikatlaşdırma, todaypress.az,

photo