Birinci sinfə elektron qeydiyyat: Ünvan dəqiqləşdirilməsi üçün müraciət müddəti uzadıldı

Elm və Təhsil

04.03.2025 11:08

1828

Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində vətəndaşların mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart tarixinədək uzadılıb.

TodayPress xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Bildirilib ki, 2025-2026-cı tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində Bakı və Sumqayıt şəhərlərində yerləşən, ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edilib. 

“Süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlər prioritetin tətbiq olunduğu müddət bitdikdən sonra boş qalan yerlərə sərbəst qaydada sorğu verə bilər, yaxud həmin müddətdə şagird sıxlığı olmayan məktəbləri seçə bilərlər” deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 14-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

Qiymət Mahir

tag: Birinci sinif,Qeydiyyat,MÜTDA,Müraciət,todaypress.az,