Bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri açıqlandı

Elm və Təhsil

10.01.2025 18:26

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub.

TodayPress xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

DİM tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki ilə verilmiş cədvəldə tanış ola bilərsiniz. Magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.

İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq.

Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

Digər imtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.

tag: İmtahan,Tarix,Qeydiyyat,DİM,2025,Todaypress.az,