Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başladı
Elm və Təhsil
24.10.2024 10:25
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində STEAM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı keçirilir.
TodayPress xəbər verir ki, Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.
Festivalda COP29 rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirlər.
Qeyd edək ki, STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021-ci il tarixlərində təşkil olunub. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir.
Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.
Günəş Mərd
tag: STEAM, COP29, Bakı Ekspo Mərkəzi, Azərbaycan,Təhsil, todaypress.az,