Bəhruz Əzimov: “TTKF-yə 58 mindən çox müraciət daxil olub”

Elm və Təhsil

20.12.2024 10:55

"TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olmuş, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşib. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".

TodayPress xəbər verir ki, bunu  Təhsil Tələbə Krediti Fondunun İdarə heyətin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə dair keçirilən tədbirdə bildirib. 

B.Əzimov, hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyini və bu tədbirlərdə 55 minə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırıb. 

Həmçinin, Fondun qaynar xətti və sosial media hesablarına daxil olmuş müvafiq olaraq 45 və 90 mindən çox müraciətin operativ qaydada cavablandırıldığı, vətəndaş qəbuluna yazılmış 1000 nəfərə yaxın şəxsin müraciətlərinin araşdırılaraq müvafiq dəstək göstərildiyi qeyd edib.

Təhsil tələbə kreditlərindən yararlanmış şəxslərin götürdükləri kreditləri geri qaytarmalarına dəstək olmaq məqsədilə, Fond tərəfindən görülən işlərə toxunan B.Əzimov, 3 il ərzində tələbələr və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunduğunu, həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərildiyini, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunduğunu bildirib. 

Qeyd edək ki, tədbirdə Fondun bu dövr ərzində əldə etdiyi nəticələrə dair hesabat təqdim olunub. 

Günəş Mərd

tag: TTKF ,Operativ, Müvafiq, Qayda ,Fond, todaypress.az,