Bağçalarda “təmizlik” işlərinə başlanıldı: “Sertifikasiya rüşvətlə işə girənlərə meydan oxuyacaq” – RƏY

Elm və Təhsil

29.03.2025 15:25

1456

"İllərdir bağçalar yerli icra hakimiyyəti orqanlarının tabeliyində olub və işə qəbul prosesi qeyri-şəffaf şəkildə həyata keçirilib. Hazırda bağçalarda çalışanların bir qismi bu sahə üzrə ixtisaslı deyil və tanışlıq, rüşvət kimi vasitələrlə işə qəbul olunublar". 

Təhsil eksperti Rizvan Fikrətoğlu bunu TodayPress-ə danışarkən bildirib. 

O, hesab edir ki, sonrakı təhsil pillələrində müsbət nəticələrin əldə olunması üçün məktəbəqədər təhsil keyfiyyətli olmalıdır. Ekspertin fikrincə, bu sahəni “təmizləmək” üçün ilkin mərhələdə sertifikasiya prosesi ən optimal variantdır:   

"Burada keyfiyyətli təhsil verilməlidir ki, şagirdlər növbəti pillələrdə də özlərini inkişaf etdirə bilsinlər. Bununla yanaşı, işə qəbul zamanı digər meyarlar da yoxlanılmalıdır. Sertifikasiya prosesi işini bilməyən, elementar bilik səviyyəsi olmayan, təhsil və tədrisdən kənar şəxslərin işinə xitam verilməsinə kömək edəcək". 

Bununla yanaşı, mütəxəssis bildirib ki, sertifikasiya imtahanları bilikləri tam ölçmək gücündə deyil. Onun sözlərinə görə, imtahan nəticələri tək meyar kimi qəbul olunmamalıdır:     

“Sertifikasiya imtahanı lazımlıdır, lakin burada müəyyən nüanslar var. Məsələn, sertifikasiya imtahanından 50 bal alan müəllim savadlı, 20 bal yığan isə savadsız hesab edilə bilməz. Çünki bu proses daha çox əzbərçilik qabiliyyəti güclü olanlara üstünlük qazandırır. Müəllimin auditoriyadakı davranışı, biliyini çatdırma metodları da nəzərə alınmalıdır”.     

Ekspert əlavə edib ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə bir il sonra yenidən imtahan vermək imkanı yaradılacaq. Eyni zamanda, sertifikasiya nəticələrinə uyğun olaraq müəllimlərin maaşlarında da artım nəzərdə tutulur.   

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bağçada çalışanların sertifikasiyaya cəlb olunacaqlarını bildirib. Mövzu cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Sertifikasiyanın məktəbəqədər təhsilin keyfiyyətini artırıb-artırmayacağı isə prosesin tətbiqindən sonra bəlli olacaq. 

Türkan İsgəndərli

tag: Rizvan Fikrətoğlu,Ekspert,Elm,Təhsil,Bağça,Müəllim,Sertifikasiya,Todaypress.az,

photo