Azərbaycanda rus “sektoru” ləğv ediləcək? – Millət vəkili AÇIQLADI
“Məktəblərdə rus bölməsinin bağlanması ilə bağlı ölkəmizdə hər hansısa tədbirin görülməsi nəzərdə tutulsa idi, bu günə qədər həmin tədbirlər görülmüş olardı”.
Milli Məclisin deputatı Fazil Mustafa bunu TodayPress-ə danışarkən deyib.
O, hesab edir ki, bu, ictimai rəylə yox, məqsədəuyğunluqla, dövlət siyasəti ilə müəyyən olunan məsələdir: “Yəqin ki, proseslərin gedişində bu məsələ ilə bağlı da bir aydınlıq yaranacaq”.
Millət vəkili bununla yanaşı təhsil sistemindəki problemlərdən də söz açıb. O bildirib ki, təhsil sistemindəki hazırkı problemlər heç də rus, ingilis bölmələri ilə əlaqəli deyil. Artıq təhsilin keyfiyyətini yüksəltmək və konsepsiyasını dəyişmək lazımdır:
"Azərbaycanda sağlam və faydalı təhsil modelinə keçmək zəruridir. Məktəblərin məqsədyönlü, yetkin vətəndaş hazırlamaq üçün kifayət qədər imkanları, infrastrukturu olmalı və keyfiyyətli kadrlar vacib mövqelərdə yer almalıdırlar. Əsas problemlər bunlardır. Bu problemlər həllini tapmayana qədər rus, ingilis və ya başqa bir dili bəhanə gətirmək lazım deyil".
Parlamentari son olaraq bildirib ki, başqa dillərdə təhsil ana dilimizdəki təhsili gerilədirsə, o zaman bu istiqamətdə addımlar atmaq olar.
Töhfə Səməd
tag: Millət vəkili,Fazil Mustafa,Rus bölməsi,Məktəb,Təhsil,Todaypress.az,