Azərbaycan məktəblərində çin dili tədris olunacaq? – EKSKLÜZİV

Elm və Təhsil

25.04.2025 12:55

121

"Prezident İlham Əliyevin Çinə səfəri zamanı əldə olunan razılaşmalar və ümumilikdə Azərbaycan-Çin münasibətlərinin inkişafı təhsil sahəsinə də əhəmiyyətli təsir göstərə bilər. Xüsusilə, çin dilinin Azərbaycanda daha geniş yayılması və məktəblərdə tədrisi istiqamətində addımlar atıla bilər".

Təhsil eksperti Rizvan Fikrətoğlu bunu TodayPress-ə danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda çin dili əsasən bir neçə ali təhsil müəssisələrində tədris olunur.

Bir sıra universitetlərdə isə çin dili kursları təşkil olunur.   

"Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzalanan strateji tərəfdaşlıq sənədində təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və çin dilinin tədrisinin təşviqi vurğulanır. Bu razılaşmalar gələcəkdə çin dilinin orta məktəblərdə də tədris olunması üçün zəmin yarada bilər. Bu, həm də Azərbaycanın qlobal əmək bazarında rəqabət qabiliyyətini artırmaq və Çinlə iqtisadi-siyasi əlaqələri daha da gücləndirmək məqsədi daşıyır."

Ekspertin fikrincə, başlanğıc üçün pilot məktəblərdə çin dili seçmə fənn kimi keçirilə, paytaxtda və regionlardakı bəzi məktəblərdə Konfutsi sinifləri açıla, pedaqoji təhsil verən bir neçə universitetlərdə “Çin dili müəllimliyi” ixtisası yaradıla və bu dilin dərindən mənimsənilməsi üçün mübadilə proqramları həyata keçirilə bilər. 

O, əlavə edib ki, Çin dili əhatəliliyinə görə genişdir. Belə ki, dünyada təxminən 1.2 milyard insan çin dilində danışır ki, bu da dünya əhalisinin təxminən 15%-i deməkdir. 

"Çin Xalq Respublikası və Tayvandın rəsmi dili, eləcə də Sinqapurun dörd rəsmi dilindən biri, həmçinin BMT-nin rəsmi dillərindən biri çin dilidir. Konfutsi İnstitutları vasitəsilə 160-dan çox ölkədə çin dili tədris olunur. 2024-cü ilin statistikasına əsasən, dünyada 80 milyondan çox insan çin dilini ikinci dil kimi öyrənir. ABŞ, Avropa, Türkiyə, Rusiya və Orta Asiya ölkələrində məktəb və universitetlərdə bu dil tədris olunur".

Rizvan Fikrətoğlu həmçinin vurğulayıb ki, Çin dilinin iqtisadi, işgüzar və texnoloji əhəmiyyəti də böyükdür. Nəzərə alaq ki, Çində dünyanın ikinci ən böyük iqtisadiyyatı mövcuddur.

Bu ölkədə işləyən şirkətlər və investorlar üçün dil bilikləri böyük üstünlük sayılır. Bu dildə aparılan texnoloji tədqiqatlar, AI, robototexnika və startap sahəsində materiallar sürətlə artır. 

Türkan İsgəndərli

tag: Rizvan Fikrətoğlu,Ekspert,Elm,Təhsil,Todaypress.az,

photo