Aşpazlıq üzrə pilot tədris qrupunun "Məzun günü" keçirildi - FOTOLAR
Elm və Təhsil
15.10.2024 11:21
Oktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və “CASA Baku” Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin "Məzun günü" keçirilib.
TodayPress-in məlumatına görə, mərasimdə qeyd olunub ki, layihə çərçivəsində xüsusi bacarıqları olan 18 tələbə “Aşpazlıq” ixtisası üzrə peşə təhsili alıb. Nəzəri və təcrübi dərslər keçirilməklə yanaşı, onların yerli və beynəlxalq yarışlarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunub. Bundan başqa tələbələrə beynəlxalq sertifikatlı müəllimlər tərəfindən ingilis dili tədris edilib. Proqram çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını və regional mətbəx incilərini əyani şəkildə təcrübə edilməsi məqsədilə onlar ölkə üzrə səyahət proqramlarında iştirak ediblər.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qastroturizmin inkişafının ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görüldüyünü bildirib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov ölkəmizdə peşəkar kulinarların yetişdirilməsi, Azərbaycanın zəngin mətbəxinin dünyaya tanıdılması baxımından bu proqramın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, pilot qrupun məzunlarını təbrik edərək onlara gələcək karyeralarında, ikinci pilot layihənin iştirakçılarına isə təhsil uğurları arzulayıb.
Mərasimdə birinci pilot qrupun 18 məzununa diplomlar təqdim olunub. Onlar ikinci pilot qrupun üzvlərinə aşpaz formalarını ötürüblər.
Gələcəkdə Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasının planlaşdırıldığı da bildirilib.
Tədbirdə pilot qrupunun məzunları tərəfindən hazırlanmış şam yeməyi menyusu modern üslubda qonaqlara təqdim edilib.
tag: Aşbazlıq ,Dövlət Turizm Agentliyi ,CASA Baku, Kulinariya ,Peşə Təhsili ,todaypress.az,