Ali təhsil 3 illik ola bilər - Hansı universitetlər bu sistemə keçəcək? Ekspert AÇIQLADI
"Lazımsız" bir neçə fənni çıxarıb, proqramı "seyrəltmək"lə 4 illik tədris müddətini 3 ilə endirmək olmaz".
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, bu gün hansısa universitetdə təhsil proqramının yenilənməsi düşünülürsə, gərək ilk növbədə həmin təhsil müəssisəsinin təklifəri nəzərə alınsın. Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiya öz işini görsə də, müəyyən təkliflər və proqramlar irəli sürülməlidir. Komissiya məhz həmin təkliflər əsasında öz seçimini aparmalıdır.
Tədqiqatçı hazırda ali təhsil müəssisələrində tədris müddətinin azaldılması məsələsinin də əsas müzakirə mövzularından olduğunu diqqətə çatdırıb.
"Bu, artıq dünyada baş vermiş bir tendensiyadır ki, hər şey yığcamlaşır, məkan və zaman daralmaları yaşanır. Sürət əsrində yaşayırıqsa, buna hazır olmalıyıq. Artıq dünyada xüsusi onlayn akademiyalar var ki, onlar, məsələn, digər universitetlərdə 4 il ərzində tədris olunan bir ixisası, 6 ay və ya 1 il müddətinə xüsusi proqramlar vasitəsilə tədris edirlər. Kadrları isə əmək bazarına hazırlayırlar. Belə olan təqdirdə, təbii ki, dünya universitetlərinin bir çoxu mobilləşməyə getməlidir. Azərbaycanda da 1-2 universitetdə artıq pilot layihə olaraq bununla bağlı addımlar atılıb. Lakin bunu kütləvi formada etməyə, hələ ki, hazır deyilik".
E.Nurinin fikrincə, universitetlərdə tədris müddətinin azaldılmasını dillə demək, nəzəri olaraq fikir yürütmək asan, lakin praktiki cəhətdən bir o qədər çətindir:
"Sadəcə "lazımsız" bir neçə fənni çıxarıb, proqramı "seyrəltmək"lə 4 illik tədris müddətini 3 ilə endirmək mümkün deyil. Bunun üçün ilk növbədə təhlillər aparılmalı, xüsusi mexanizmlər hazırlanmalıdır. Bundan başqa, hansı fənlərin çıxarılması məsələsi müzakirə edilməli, ortaya mütləq səbəb qoyulmalıdır ki, niyə məhz həmin fənn "lazımsız" görünüb. Həm də bir yox, bir neçə ixtisaslar üzrə bu monitorinqlər aparılmalıdır. Bu isə uzun vaxt tələb edir".
Təhsil eksperti diqqətə çatdırıb ki, hazırda tibb sahəsini çıxmaq şərti ilə ixtisasların böyük əksəriyyəti 4 illik sistemə uyğunlaşdırılıb. Amma söhbət 3 illik tədrisdən gedirsə, onun öz tələbləri var:
"Məsələn, elə ixtisaslar var ki, onun əmək bazarının tələblərinə uyğun hazırlanması üçün 3 il yox, elə 2 il də bəs edir. Buna nümunə kimi jurnalistika fakültəsini göstərmək olar. 2 il tam olaraq kifayət edir ki, həmin müddət ərzində keyfiyyətli, ixtisaslaşmış kadr hazırlansın. Həmçinin kitabxanaçılıq və buna bənzər ixtisasların da burada adını çəkmək olar. Amma mühəndislik, İT istiqamətli ixtisaslar var ki, onlara faydalılıq adekvatlığını hazırlamaq üçün güclü programlar lazımdır".
Elmin Nuri, sonda vurğulayıb ki, əgər bütün bu sadalanan meyarlar nəzərə alınmasa, tədris müddətinin azaldılması məsələsi digər bir sıra mövzular kimi, ildə bir-iki dəfə müzakirə olunan, lakin heç bir nəticə verməyənlər siyahısına daxil olacaq.
Töhfə Səməd
tag: Tədris,Universitet,Elmin Nuri,Araşdırma,Təhsil,todaypress.az,
