ADA Universitetində daha bir magistr pilləsinin açılışı oldu

Elm və Təhsil

16.12.2024 16:58

ADA Universitetində ilk dəfə magistratura pilləsi üzrə hüquq ixtisası tədris olunacaq.

TodayPress xəbər verir ki, hüquqşünaslıq üzrə magistratura proqramı ADA Universitetində təşkil olunmuş tədbirdə təqdim edilib.

Qeyd edək ki, burada tətbiq olunacaq “LL.M” proqramı hüququn biznes, dövlət siyasəti və texnologiya ilə kəsişməsindən yaranan çağırışlara fokuslanaraq hüquqşünasların bilik, bacarıq və vərdişlərini inkişaf etdirməyi, onlara yerli və qlobal səviyyədə fundamental hüquqi problemlərin həllində analitik və innovativ yanaşmaları öyrətməyi hədəfləyib.

Magistr proqramı həftədə 3 dəfə keçirilməklə, 5 semestri əhatə edəcək. Tələbələr əsas və seçmə fənlər üzrə 96 kredit tamamlayaraq ya magistr dissertasiyası (dərin müstəqil tədqiqat üzərində fokuslanmış), ya da "Capstone" layihəsi (praktiki, real hüquqi problemlərə yönəlmiş) ilə magistr proqramını başa vuracaqlar.

Həmçinin hüquq üzrə bakalavr təhsilini minimum 3 GPA ilə bitirən namizədlər “LL.M”proqramına müraciət edə bilərlər. Əlavə təhsil göstəriciləri, həmçinin əhəmiyyətli iş və ya tədqiqat təcrübəsinə malik olan namizədlərə istisnalar tətbiq edilə bilər.

Namizədlərdən IELTS (min. 6.5) və ya ingilis dili biliyini sübut edən ekvivalent imtahan nəticəsi təqdim etmələri tələb olunur. “LL.M” proqramına qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə ADA Universitetinin magistr qəbulu portalı üzrə tələbələrin təmin edilməsi vacibdir. İkinci mərhələdə müsahibə – ilkin seçim prosesindən uğur qazanmış namizədlər ADA Universitetinin Qəbul komitəsi ilə müsahibəyə dəvət olunurlar.

Təhsil haqqı Azərbaycan Respublikasının vətəndaşları üçün illik 8.500, əcnəbilər üçün 10.500 manat olacaq.

Töhfə Səməd

tag: ADA, Magistratura ,Semestr, Tələbə, todaypress.az,