Abituriyentlər ən çox hansı ixtisası seçdilər? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Elm və Təhsil
20.08.2024 10:10
9 avqust tarixindən başlayan ixtisas seçimləri nəhayət ki, başa çatır. 10 gün ərzində 90 minə yaxın abituriyent ixtisas seçimində iştirak edib.
Bəs görəsən bu ilin ən çox seçilən ixtisasları hansılar olub?
Məsələylə bağlı TodayPress-ə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu ilki rəqabət ötən illərlə müqayisədə daha fərqli və həyacanlı olub:
“Gərginlik yüksək səviyyədə idi. Çünki buraxılış imtahanında toplanan ballar daha yüksək oldu. Bu da rəqabəti artırdı. Amma buna baxmayaraq, biz bu nəticələri blok imtahanlarında müşahidə edə bilmədik. Abituriyentlərin bir çoxu heç 100 ballıq səddi də aşa bilmədilər. Buna görə də biz ən böyük rəqabəti 150 ballıq ixtisaslarda və ya quruplar üzrə müəyyən edilmiş ilkin keçid balına yaxın olan ixtisaslarda gördük”.
Ekspertin sözlərinə görə, I qrupda bu ixtisasların sayı cəmi 10-dur. Bunlar əsasən, torpaqşünaslıq, aqrokimya, yer quruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin biologiya, ekologiya və meliorasiya mühəndisliyi və s.dir. Digər qruplarda isə bu saylar nisbətən daha azdır:
“100 ballıq səddi aşa bilməyənlər sadalananlardan başqa heç bir ixtisası seçə bilməyəcəklər. Seçsələr belə, sistem tərəfindən qəbul edilməyəcək. Hər il olduğu kimi, yüksək ballı ixtisaslarda, məsələn, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, tibb kimi peşələrdə də ciddi rəqabət var idi. Buna görə də biz keçid ballarının artmasını müşahidə edəcəyik”.
Elmin Nuri əlavə edib ki, III ixtisas qurupunda tarix-coğrafiya (TC) altqrupu üzrə rəqabət bu il daha çox olub. Ötən illə müqayisədə bu il coğrafiya fənnini seçərək, ondan imtahan verib, bu altqrupa daxil olan ixtisasları (Beynəlxalq münasibətlər və Regionşünaslıq) seçənlərin sayı çoxluq təşkil edib. Həmçinin I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisaslar uğrunda mübarizə aparanların da sayı az olmayıb. Bu altqrupa daxil olan ixtisaslar isə komputer və İT əsaslı olan peşələrdir.
Qeyd edək ki, yekun məlumatlara əsasən, I qrup üzrə 25 min 138 (Azərbaycan bölməsi 23 min 309, Rus bölməsi 1829), II qrup üzrə 18 min 188 (Azərbaycan bölməsi 16 min 950, Rus bölməsi 1238), III qrup üzrə 21 min 890 (Azərbaycan bölməsi 19 min 814, Rus bölməsi 2 min 76), IV qrup üzrə 6 min 785 (Azərbaycan bölməsi 6 min 252, Rus bölməsi 533), V qrup üzrə 15 min 653 (Azərbaycan bölməsi 13 min 519, Rus bölməsi 2 min 134) abituriyent ixtisas seçimi edib. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin ümumi sayı isə 82 min 870-dir.
Töhfə Səməd
tag: Təhsil, Azərbaycan, Bakalavriat ,Abituriyentlər,İmtahan, todaypress.az,