150 manat tələb edən məktəb direktoru vəzifəsindən azad edildi- YENİLƏNDİ

Elm və Təhsil

12.05.2025 21:00

46

Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səsyazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb.

TodayPress xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə  agentliyin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.

Təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir

***

17:45

Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə “Son zəng” qalmaqalı səngimir.

TodayPress xəbər verir ki, bu gün günorta saatlarında sözügedən məktəbdə yenidən gərginlik yaşanıb.

Belə ki, “Son zəng” tədbiri ilə bağlı 11-ci sinif şagirdlərindən 150 manat pulun tələb olunduğunu iddia edən bir qrup valideyn məktəbin həyətində toplaşıblar.     

Valideynlər bildiriblər ki, sözügedən məbləği ödəmək imkanları yoxdur.   

Etiraz edən valideynlərdən biri Sevil Məmmədova TodayPress-ə deyib ki, məktəb direktorundan tələb olunan məbləğin bir qədər azaldılmasını rica etsələr də, o, buna məhəl qoymayıb.

Hər şeyi yüksək səviyyədə etmək istədiyini bildirib. 

“Bizə dedi ki, pul verilməsə, uşaqlarımız qalacaq kənarda, tədbirdə iştirak etməyəcək. Biz də buna etirazımızı bildiririk. Bizim şikayət etmək fikrimiz yox idi. Ancaq uşaqlara edilən psixoloji-mənəvi şiddətdən sonra bu qərara gəldik. Ümumiyyətlə, uşaqlarla maddiyat söhbəti etmək olmaz, onlar öz “Son zəng”lərində iştirak etməlidirlər”.

“11A” sinifin rəhbəri Allahverdiyeva Yaqut isə məsələ ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, sözügedən məbləğ şagirdlərdən tələb olunanda o məktəbdə olmayıb. 

“Müəllimlərdən də pul yığılır. Qorxularından boyunlarına almayacaqlar. Amma mənə də yaxınlaşıb dedilər ki, 50 manat ver, vermədim. Bu barədə tədbir görülməsə, gələcəkdə bu uşaqlardan ədalət tələb edə bilməyəcəyik. Belə təhsil olmaz!"

Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılır və nəticə barədə ictimaiyyətə məlumat veriləcək. 

Qeyd edək ki, bir müddət bundan öncə sosial şəbəkələrdə 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılmışdı.

İddialara görə, səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir.   

Töhfə Səməd

tag: 207,Məktəb,Son zəng,Qalmaqal,todaypress.az,