Zelenski NATO sammitinə dəvət olunmayacaq - ABŞ-dən TƏLƏB EDİLDİ

Dünya

14.05.2025 18:01

9

ABŞ Ukrayna prezidenti Volodimir Zelenskinin növbəti NATO sammitinə dəvət olunmasını istəmir.

TodayPress xəbər verir ki, bu barədə "ANSA" agentliyinə NATO ölkələrinin xarici işlər nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi görüşü çərçivəsində diplomatik mənbə məlumat verib.

NATO sammitinin 24-25 iyun tarixlərində Haaqada keçirilməsi planlaşdırılır. Alyansa üzv olmayan ölkələrdən yalnız Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya sammitə dəvət alıb. Ukraynanın iştirakı məsələsi isə hələlik gündəmdə deyil.

Mənbənin bildirdiyinə görə, tədbirin proqramı son dərəcə qısa tutulub, hətta NATO-Ukrayna iclası da planlaşdırılmayıb.

Ukraynanın tamamilə kənarda qalmaması üçün alternativ variantlar, məsələn, xarici işlər və müdafiə nazirləri səviyyəsində ayrıca tədbirin keçirilməsi nəzərdən keçirilir.

Xatırladaq ki, 2024-cü ildə keçirilən NATO sammitinin yekun sənədində Ukraynanın alyansa “geri dönməz yolla” yaxınlaşdığı qeyd olunsa da, üzvlüklə bağlı konkret addımlar atılmamışdı. Bu, Ukraynaya bir növ “kompensasiya” kimi dəyərləndirilmişdi.

Bununla yanaşı, ABŞ prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte dəfələrlə bildiriblər ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil. Üzvlüyə alternativ kimi, bəzi ölkələr Ukraynaya NATO-nun 5-ci maddəsinin, yəni kollektiv müdafiə prinsiplərinin şamil edilməsini təklif edirlər.

Töhfə Səməd

tag: ABŞ ,Ukrayna,Volodimir Zelenski,NATO,todaypress.az,