Zelenski: BMT sülhməramlıları Ukraynanı təkrar hərbi təcavüzdən qoruya bilməz
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, BMT
sülhməramlı missiyası Ukraynanın müdafiəsi üçün potensial hərbi kontingentə
alternativ kimi nəzərdən keçirilə bilməz.
TodayPress xəbər verir
ki, bu barədə ölkə başçısı Çexiya Prezidenti Petr Pavel ilə birgə mətbuat
konfransında söyləyib.
“Bütün hörmətlə, BMT bizi işğaldan və ya [Rusiya
Prezidenti Vladimir] Putinin yenidən gəlmək istəyindən qoruya bilməz. Biz
BMT-ni kontingentə və ya təhlükəsizlik zəmanətlərinə alternativ kimi görmürük”
Ukrayna lideri qeyd edib.
O əlavə edib ki, Ukrayna BMT ilə dialoqu dəstəkləsə
də, sülhməramlı missiyaya təcavüzün qarşısını almaq üçün səmərəli vasitə kimi
bel bağlamır. Zelenski həmçinin vurğulayıb ki, Moskva artıq bütün beynəlxalq
normaları pozub və onun rəhbərliyi BMT-nin qərarlarından qorxmur.
Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel
Makronun BMT sülhməramlı missiyasını Ukraynaya Avropa qoşunlarının
göndərilməsinə alternativ kimi nəzərdən keçirdiyi bildirilmişdi.
tag: BMT, Zelenski, Çexiya, Ukrayna, todaypress.az,