Zelenski Baydenlə görüşün detallarını açıqladı

Dünya

13.09.2024 18:50

Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında görüş sentyabrda baş tutacaq. Onlar Ukraynanın sülh planını müzakirə edəcəklər.  

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Yalta Avropa Strategiyasının 20-ci illik iclası zamanı verdiyi bəyanatda bildirilir.   

"Biz bu ay prezident Baydenlə görüşməyi planlaşdırırıq. Mən ona qələbə planını təqdim edəcəyəm – Ukrayna müharibəsini sülh yoluna qoymaq üçün kifayət qədər güc verəcək bir-biri ilə əlaqəli həllər sistemini" Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bir neçə yolla başa çata bilər: “Bu, ya rus ordusunun Ukraynadan zorla çıxarılması ilə, ya da ölkənin müstəqilliyinin qorunub saxlanmasına və işğaldan təmizlənməsinə zəmanət verən diplomatiya ilə həll olunacaq”. 

Zelenski əlavə edib ki, həm birinci, həm də ikinci halda Ukraynanın güclü mövqelərə ehtiyacı var. ABŞ isə bu işdə kömək edə bilər. 

“Əgər biz əsas tərəfdaşımızla birlikdə qələbəni istəsək, o zaman mənim ABŞ prezidentinə təqdim edəcəyim qələbə paketi münaqişənin həllinə kömək edə bilər. Bu, etibarlı sülhə, sülh formulunun tam həyata keçirilməsinə aparan yoldur” deyə Ukrayna rəhbəri vurğulayıb.

Xatırladaq ki, Zelenski Rusiya ilə müharibədə qələbə planını əvvəlcə Amerika lideri Cozef Baydenə, sonra isə digər tərəfdaşlarına təqdim edəcəyini bildirmişdi. 

Günəş Mərd

tag: Zelenski, Rusiya ,Sülh, ABŞ, Bayden ,todaypress.az,