Yeni Papa kim olacaq?
Aprelin 21-də Papa Fransisk Vatikandakı Casa Santa Marta iqamətgahında 88 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, Fransiskin ölümü ondan sonra kimin kilsənin başçısı olacağı sualını doğurur.
Yeni Papa necə seçiləcək?
Ənənəyə görə, kilsənin yeni rəhbərinin seçilməsi pontifikin ölümündən 15-20 gün sonra baş verir. Ehtimal olunur ki, bu müddət ərzində onu seçən kardinallar qeyri-rəsmi koalisiyalar qurmaq və səsvermənin favoritlərini müəyyən etmək üçün bir-biri ilə əlaqə yarada bilərlər.
Konklav nədir və necə işləyir?
Son illərdə Vatikanın yeni liderinin seçilməsi nisbətən tez keçir, konklav bir həftədən çox çəkmir. Ancaq hipotetik olaraq, səsvermənin aylarla, hətta illərlə uzandığı ssenarilər mümkündür. Məsələn, 1271-ci ildə Papa Qriqori X seçkilərin birinci turundan üç il sonra seçilib.
Yeni Papa kim ola bilər?
“The Daily Mail” qəzeti yazır ki, Roma Katolik Kilsəsinin rəhbəri postuna ən çox ehtimal olunanlar, kardinallar Luis Antonio Taql, Pietro Parolin, Peter Turkson və Peter Erdodur. Pontifik olmaq üçün ehtimal olunan namizəd Luis Antonio Taqle Filippinin paytaxtı Manilanın arxiyepiskopudur.
“The Week” jurnalının məlumatına görə, o, uzun müddətdir ki, bukmeker kontorları arasında ən populyar namizəd olub və Vatikanın nümayəndələri də onun perspektivlərindən danışırlar.
O, öz emosiyalarını və sentimentallığını bölüşməkdən çəkinmir. Bununla belə, Kardinal Taql fərasətli danışıqçı kimi tanınır və siyasi taktikalardan incəliklə istifadə edir. Kardinal Taql seçilərsə, Katolik Kilsəsinin tarixində ilk Asiya Papası olacaq. Bundan əlavə, o, ən liberal pontifik ola bilər.
Taql "mütərəqqi qanad"a aiddir və dəfələrlə eyni cinsli cütlükləri (LGBT) və miqrasiyanı dəstəkləyib. Müqəddəs Taxt-Tacın dövlət katibi olan Pietro Parolin də varisi hesab olunur.
Müxtəlif beynəlxalq münaqişələrin həllində iştirak etdiyinə görə, o, Vatikanın “rəqibsiz diplomatı” kimi şöhrət qazanıb. “The Spectator” yazır ki, Parolinin ehtiyatlı yanaşması onun seçilmə ehtimalını yüksəldir, çünki o, Fransiskin islahatlarından sonra kilsəni qaydaya sala biləcək.
Parolin həmçinin Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda Vatikanın əsas vasitəçilərindən biri kimi tanınıb.
Peter Erdo ziyalı və Esterqon-Budapeşt arxiyepiskopudur. 1956-cı ildə Sovet İttifaqı Budapeşt qiyamını yatırtarkən ailəsi Macarıstanı tərk edib. O, seçilərsə, II İohann Paveldən sonra keçmiş sosialist blokundan olan ikinci Papa olacaq.
Kardinal pontifik olmaq üçün ən mühafizəkar favorit kimi tanınır. O, boşanmış cütlüklərin birliyini tənqid edir və eynicinsli cütlüklərə güzəştlərin qəti əleyhinədir. Lakin o, Rusiya və Ukrayna da daxil olmaqla pravoslav dünyası ilə dialoqun davam etdirilməsi ilə bağlı prinsipial mövqeyinə görə seçilə bilər. Erdo pravoslav kilsəsinə çox müsbət münasibət bəsləyir və qeyri-xristian dinləri ilə dialoqun güclü tərəfdarıdır.
O, həmçinin Katolik Kilsəsi ilə Ukrayna və Rus Pravoslav Kilsələri arasında əlaqələrin vacibliyini vurğulayır. Piter Turkson Keyp Sahilinin keçmiş yepiskopu və Cənubi Sudanda sülh elçisidir. O, seçilsə, tarixdə ilk qaradərili papa olacaq.
Dünyanın bu hissəsində katoliklərin sayının artması səbəbindən bunun Afrika və Qlobal Cənub üçün əhəmiyyətli bir jest ola biləcəyinə inanılır.
Bununla belə, “The Week” jurnalına görə, Turkson gey hüquqları və ətraf mühit məsələlərində orta mövqe tutmağa çalışdığı üçün mübahisəli bir reputasiyaya malikdir. Bu səbəbdən o, digər kardinallar arasında birləşdirici fiqur kimi görünmür.
Töhfə Səməd
tag: Vatikan,Papa,Seçki,Kardinal,Todaypress.az,