Vyetnamda dağlıq ərazidə baş verən sürüşmə nəticəsində azı 11 nəfərin həyatını itirdi

Dünya

13.07.2024 19:50

Vyetnamın şimalındakı Hacianq əyalətində torpaq sürüşməsi nəticəsində ən azı 11 nəfər ölüb, daha dörd nəfər isə ağır yaralanıb.

TodayPress xarici mətbuata istinadən xəbər verir ki, Bakme rayonunda içərisində 16 nəfər sərnişin olan mikroavtobus yolda uçqun altında qalıb. Avtomobilin içərisində olan insanlar kömək üçün nəqliyyat vasitəsindən çıxsalar da, bədbəxtlikdən həmin vaxt yuxarıdan minlərlə kubmetr torpaq üstlərinə tökülüb. Onların əksəriyyəti axın altında qalaraq ölüb. Hadisə yerinə gələn xilasedicilər 11 nəfərin cəsədini tapıblar.

Milli Hidrometeoroloji Proqnozlar Mərkəzinin məlumatına görə, Cümə günü saat 19:00-dan Şənbə günü saat 07:00-a qədər qəzanın baş verdiyi əraziyə 280-290 mm yağıntı düşüb.

Vyetnamda bu ilin ilk altı ayında təbii fəlakətlər nəticəsində 68 nəfər ölüb və ya itkin düşüb, 56 nəfər isə yaralanıb.

Nəzrin Cavadzadə

tag: todaypress.az, Vyetnam, torpaq sürüşməsi, Hadisə, Hacianq,