Vuçiç Zelenski ilə telefon danışığı apardı
Dünya
27.12.2024 07:45
Serbiya Prezidenti Aleksandar Vuçiç Ukrayna
Prezidenti Volodimir Zelenski ilə ikitərəfli əməkdaşlığın müzakirə edildiyi
telefon danışığı aparıb.
TodayPress xəbər verir ki, bu barədə Vuçiç sosial
şəbəkə hesabında yazıb.
“Ukrayna Prezidenti Volodimir Zelenski ilə ikitərəfli
əməkdaşlığın bütün vacib məsələləri üzrə məzmunlu və yaxşı söhbət oldu. Serbiya
bu yaxınlarda Kiyevdə öz səfirliyini yenidən açıb və ümid edir ki, onun
fəaliyyəti münasibətlərin yaxşılaşmasına əlavə töhfə verəcək. Biz ölkələrimizin
Avropa yolunu, həmçinin gələcəkdə ikitərəfli səfərlərin daha tez-tez baş
tutması imkanını müzakirə etdik” deyə o bildirib.
Xatırladaq ki, dekabrın 24-də Serbiya iki ildən çox
fasilədən sonra Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edib. Kiyevdəki
Serbiya səfirliyində olan serb diplomatlar 2022-ci ilin martında təhlükəsizlik
səbəbindən vətənlərinə təxliyə edilmişdilər. O zaman respublikanın XİN-i
bildirmişdi ki, əməkdaşlar geri qayıtmaq üçün şərait yaranana qədər öz işlərini
Belqraddan davam etdirəcəklər.
tag: Zelenski, Vuçiç, Ukrayna,Prezident,Danışıq, todaypress.az,