Vuçiç onun istefası ilə bağlı referendum keçirilməsini təklif etdi

Dünya

05.11.2024 15:40

Serbiyada “Novi Sad” qatar vağzalında tavanın uçmasından sonra müxalifət prezidenti vəzifəsindən uzaqlaşmağa çağırıb. Buna cavab olaraq Aleksandr Vuçiç istefası ilə bağlı referendum keçirilməsini təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə “N1info” məlumat yayıb. 

“Milli Assambleya xalqdan Aleksandr Vuçiçin vəzifəsindən kənarlaşdırılması ilə bağlı referendumla bağlı məsləhətçi rəy istəsin. Əgər xalqın 50 faizi razı olduğunu desə, mən daha prezident olmayacağam və biz yeni prezident seçkilərinə gedəcəyik” deyən Vuçiç seçkilərin yanvar, mart və ya may aylarında keçirilə biləcəyini əlavə edib.

Qeyd edək ki, noyabrın 1-də “Novi Sad” stansiyasında bir binanın beton örtüyünün uçması nəticəsində 14 nəfər həlak olub. Bildirilir ki, stansiya sonuncu dəfə bu il yenidən qurulub və iyul ayında istifadəyə verilib.

Serbiyanın baş naziri Miloş Vuçeviç bildirib ki, strukturun və obyektin vəziyyətinin saxlanmasına cavabdeh olanlar tapılaraq məsuliyyətə cəlb olunacaqlar.

Bundan sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verdiyini açıqlayıb.

Töhfə Səməd

tag: Serbiya, Baş Nazir, Miloş Vuçeviç, Nəqliyyat, Qoran Vesiç, todaypress.az,