Venesuela 7 ölkədən səfirlərini geri çağırdı

Dünya

30.07.2024 03:00

Venesuela ölkə prezidenti Nikolas Maduronun yenidən prezident seçilməsini tanımaqdan imtina edən Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidəki səfirlərini geri çağırıb.

TodayPress xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Venesuela Bolivar Respublikası hökuməti suverenliyimizə hücum olan iyrənc presedentə görə Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və Uruqvaydakı diplomatik nümayəndəliklərinin bütün üzvlərini geri çağırmaq qərarına gəlib və bu ölkələrin hökumətlərindən də Venesueladakı diplomatlarını geri çağırmağı tələb edir” deyə bəyanatda qeyd olunub.

Nazirlik bu ölkələrin Venesuelada prezident seçkiləri ilə bağlı bəyanatlarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Xatırladaq ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Milli Seçki Şurasının məlumatına görə, bülletenlərin 80%-nin hesablanması nəticəsində hazırkı dövlət başçısı Maduro 51,2 faiz səs toplayıb. Onun əsas rəqibi, ifrat sağçı partiyaları təmsil edən Edmundo Qonzales isə 44,2% səs toplayıb.

Nəzrin Cavadzadə

tag: Venesuela, Nikolas Maduro, Seçki, XİN, Səfir, todaypress.az,