Ulduzlararası bulud Yerdə buz dövrünə səbəb ola bilər

Dünya

14.06.2024 00:37

Alimlər təqribən 2 milyon il əvvəl Günəş sisteminin qarşılaşdığı ulduzlararası buludun Yerdəki iqlimə təsir göstərə biləcəyini müəyyən ediblər.

TodayPress xəbər verir ki, ulduzlararası mühit qalaktikadakı  ulduz sistemləri arasındakı bölgəyə aid edilsə də, qaz və tozun daha sıx olduğu hissələrə ulduzlararası buludlar deyilir.

Bütün Günəş sistemi Plutondan kənara çıxan heliosfer adlanan qoruyucu qalxanla əhatə olunub. Yeri və digər göy cisimlərini DNT-ni dəyişmək potensialına malik olan radiasiya və qalaktik şüalardan qoruyan bu qalxan bir çox alimlərin fikrincə, planetdə həyatın yaranmasında da mühüm rol oynayıb.

“Nature Astronomy” jurnalında dərc edilən araşdırmaya görə, soyuq bulud bankı təxminən 2 milyon il əvvəl heliosferi sıxaraq Yeri və digər planetləri bu müdafiədən məhrum edib.

Tədqiqatçılar kompüter modellərindən istifadə edərək 2 milyon il əvvəl Günəşin və heliosferin vəziyyətinə baxıblar. 

Onlar həmçinin əsasən hidrogen atomlarından ibarət böyük, sıx, çox soyuq bulud massivinin Soyuq Buludların Yerli Lenti adlanan Süd Yolu boyunca səyahətini izləyiblər.

Alimlər müəyyən ediblər ki, bu sistemin sonunda Yerli Soyuq Bulud Vaşaq adlanan bulud heliosferlə toqquşmuş ola bilər.

Belə bir təsir Yeri ulduzlararası mühitdə qaz və toz yığınlarına məruz qoyardı. Normalda heliosfer planet bu radioaktiv maddələrdən qoruyur. 

Tədqiqatçıların fikrincə, toqquşma Yerdə soyuqlaşma dövrünə təsadüf edir. 

Heliosfer eksperti Merav Ofer əsas müəllifi olduğu tədqiqatla bağlı: “Bu, Günəşlə Günəş sistemindən kənarda Yerin iqliminə təsir edə biləcək bir şey arasında qarşılaşmanın olduğunu kəmiyyətcə göstərən ilk araşdırmadır” deyə vurğulayır.

Tədqiqatçılar deyirlər ki, bu bulud buludun ölçüsündən asılı olaraq heliosferi bir neçə əsr və ya 1 milyon il məhdudlaşdırmış ola bilər. 

Məqalənin həmmüəllifi Avi Loeb nəticələrin Yerdəki həyatın təkamülü ilə kosmik qonşuluğumuz arasındakı əlaqəyə yeni pəncərə açdığını bildirir.

Qoruyucu qalxanını itirən Yer kürəsinin ulduzlararası mühitdən necə təsirləndiyini və bu hadisənin buz dövrünü tətikləyib-tətikləmədiyini bilmək mümkün deyil. Son buz dövrünün baş verdiyi Pleistosen Dövrünün təxminən 2,6 milyon il əvvəl başladığı və təxminən 12 min il əvvəl bitdiyi təxmin edilir.

Yeni araşdırma aparan qrup, keçmişdə daha da geriyə getməyi və Günəş Sisteminin yaşadığı digər toqquşmaların buz dövrünə təsadüf edib-etmədiyini öyrənməyi hədəfləyir.

GÜNEL

 

 

tag: Buz dövrü, Ulduzlararası bulud,Yer kürəsi, Günəş sistemi, todaypress.az,