Ukrayna və Polşa təhlükəsizlik sazişi imzaladı
Dünya
08.07.2024 17:35
Ukrayna və Polşa təhlükəsizlik təminatı haqqında saziş imzalayıb.
TodayPress "RBK Ukraina"ya istinadən xəbər verir ki, sənədi Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın Baş naziri Donald Tusk imzalayıblar.
Təhlükəsizliyin təminatı haqqında saziş ilk dəfə olaraq Polşa istiqamətində atılan raket və pilotsuz təyyarələrin Ukraynanın hava məkanında tutulması imkanlarını nəzərdə tutur.
Bundan başqa Polşa ərazisində Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin şəxsi heyətinə təlim keçəcək “Ukrayna legionu” yaradılacaq. Polşada və digər ölkələrdə müvəqqəti olan Ukrayna vətəndaşları ona qoşula biləcəklər.
Müqavilə, həmçinin müdafiə sənayesində əməkdaşlığa, xüsusən də Polşanın müdafiə sənayesi şirkətlərinin istehsal müəssisələrinin Ukraynada yerləşdirilməsi və birgə müdafiə istehsalı üçün əlavə imkanların öyrənilməsinə dair blokdan ibarətdir.
Saziş qeyri-hərbi sahədə, o cümlədən kəşfiyyat, kibertəhlükəsizlik, dəniz və informasiya təhlükəsizliyi, eləcə də mühüm infrastrukturun mühafizəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır. Sazişin ayrı-ayrı blokları iqtisadiyyatın bərpası və yenidən qurulması, sərhəd infrastrukturu və tranzit potensialının inkişafına aiddir.
Günəş Mərd
tag: Ukrayna, Polşa, Təhlükəsizlik, Saziş,Kəşfiyyat, todaypress.az,