Türkiyə tarixinin qəhrəmanlıq səhifəsi - Qurtuluş Savaşı

Dünya

30.08.2024 13:26

30 avqust Türkiyədə Zəfər Bayramı günüdür. 

TodayPress xəbər verir ki, zəfər bayramı kimi qeyd edilən bu gün Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixinin çox önəmli səhifələrindən biridir. 

Türkiyə Qurtuluş Savaşı, 1919-1923-cü illər arasında Osmanlı İmperiyasının məğlubiyyətindən sonra başlayan milli mübarizə dövrünü əhatə edir. 30 avqust 1922-ci ildə Mustafa Kamal Atatürk rəhbərliyindəki Türk ordusu Yunan ordusunu darmadağın edib və böyük bir zəfər qazanıb. Bu zəfər, Türkiyə Respublikasının qurulması yolunda atılan ən önəmli addımlardan biridir. Bununla da paytaxtı Ankara olacaq yeni bir dövlətin yaradılmasına zəmin hazırlanıb.

Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-ci ilin may ayında elan olunub. O gündən bu yana hər il Türkiyədə geniş şəkildə qeyd olunur. Bu bayramda dövlət rəsmiləri, silahlı qüvvələr və xalq bir araya gələrək, Mustafa Kamal Atatürk və Qurtuluş Savaşı qəhrəmanlarını yad edir, onların Türkiyənin müstəqilliyi və suverenliyi uğrunda göstərdiyi böyük fədakarlıqlarını xatırlayırlar. Rəsmi mərasimlər, hərbi paradlar, bayram tədbirləri və ziyafətlər günün əhəmiyyətini vurğulayan əsas fəaliyyətlərdir.

Zəfər Bayramı, yalnız keçmişin zəfərlərini qeyd etmək deyil, eyni zamanda gələcəyə doğru güclü bir addım atmaq, milli birliyi və bütövlüyü qorumaq əzmini bir daha vurğulamaq üçün bir fürsətdir. Bu əlamətdar gün, Türkiyə xalqı üçün hər zaman qürurla qeyd olunacaq bir tarixdir.

Töhfə Səməd

tag: Türkiyə, Zəfər bayramı, Qurtuluş, Rəsmi,