Trampın müşavirləri Ukrayna ilə bağlı plan təklif etdi
Dünya
04.12.2024 15:52
ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın müşavirləri ona Ukraynadakı münaqişənin həlli üçün üç variant təqdim ediblər. Bəzi məqamlar Kiyev və Avropa İttifaqının (Aİ) kəskin reaksiyasına səbəb olub.
TodayPress xəbər verir ki, təfərrüatlar barədə “Reuters” məlumat yayıb.
Agentlik respublikaçıların dörd müşavirinə istinadən bildirir ki, Tramp hazırda sülh planı yaratmaq üçün işçi qrupu çağırıb, lakin komanda mümkün ideyaları araşdırır. Əsas məqsəd Moskva və Kiyevi danışıqlar masasına oturtmaqdır.
“Reuters”in həmsöhbətlərindən biri bildirib ki, hazırda üç təklif var - Ukraynada nizamlanma üzrə xüsusi elçi, istefada olan general-leytenant Keyt Kelloq, vitse-prezident seçilmiş Ceyms Devid Vens və milli kəşfiyyatın keçmiş rəhbəri Riçard Qrenel. Onlar Ukraynanın ərazi güzəştləri və Şimali Atlantika Alyansına üzvlükdən imtina etməsini nəzərdə tutur. Ukrayna prezidenti Volodimir Zelenski danışıqlara razı olmasa, Vaşinqton Kiyəvə dəstəyi dayandıracaq. Lakin Rusiya prezidenti razılaşmadan imtina etsə, əksinə, dəstək artacaq.
“Reuters”in məlumatına görə, Kiyev, Aİ-nin üzvləri və bəzi amerikalı qanunvericilər Trampın təkliflərinə qarşı çıxacaqlar. Səbəb isə Ukraynanın NATO-ya üzv olmaqdan imtinasındadır.
Bundan başqa, Kiyevə gələn Aİ-nin yüksək vəzifəli şəxsləri ilə görüşdə Zelenski vurğulayıb ki, Ukraynanın NATO-ya qismən dəvəti qəbul edilməzdir:
“Ukrayna ərazilərinin yalnız bir hissəsi NATO-ya dəvət oluna bilməz. Bu, digər ərazilərin Ukraynaya aid olmadığının avtomatik tanınmasıdır. Ona görə də Ukrayna heç vaxt buna razı olmayacaq. Əgər hər hansısa dəvətdən söz gedirsə, o zaman bu bütöv əsaslara söykənməlidir”.
Eyni zamanda, o, əlavə edib ki, Ukraynadakı münaqişə zamanı Şimali Atlantika Alyansının 5-ci maddəsinin tətbiqinin mümkünsüzlüyünü anlayır.
Töhfə Səməd
tag: NATO, Zelenski, Ukraniya, Kiyev, todaypress.az,