Trampa sui-qəsd cəhdi ilə bağlı qeyri-müəyyənlik davam edir

Dünya

17.07.2024 21:37

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən Tomas Metyu Kruksun bu hücumu necə planlaşdırdığı və niyə həyata keçirdiyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

TodayPress xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, sui-qəsd cəhdi ilə bağlı təhqiqat aparan FTB, Kruksun cib telefonuna daxil olmaq üçün şifrəsini sındırıb, kompüterini, evini və avtomobilini yoxlayıb, 100-dən çox insanla sorğu keçirib, lakin hələ də cavab tapa bilməyib. Şübhəlinin Trampa qarşı bu hücumu niyə həyata keçirməsi ilə bağlı bir nəticəyə gələ bilmədiyi bildirilir.

İstintaq davam etdiyi üçün anonimlik şərti ilə “AP”-yə danışan səlahiyyətlilər, Kruksun Trampı hədəf alma səbəbini izah edən heç bir yazı, intihar qeydləri, sosial media açıqlamaları və ya digər göstəricilər buraxmadığına diqqət çəkiblər.

Səlahiyyətlilər, 20 yaşlı Kruksu tanıyanların onu "tək başına dolaşan, heç kimlə danışmayan qəribə bir uşaq" kimi təsvir etdiyini, lakin onun "sadəcə insanlarla danışmağı sevmədiyini və təhlükəli sayıla biləcək heç bir əlaməti” olmadığını  açıqlayıblar.

Nəzrin Cavadzadə

tag: Tramp, FTB, Sui-qəsd, ABŞ, todaypress.az,