Tramp qalib gələrsə, Ukrayna-Rusiya məsələsinin aqibəti necə olacaq? FİKİRLƏR QARŞI-QARŞIYA

Dünya

04.11.2024 12:20

"Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, Ukraynadakı münaqişəyə son qoya bilər. Bunun üçün o, Ukrayna lideri Volodimir Zelenskiyə və Rusiya lideri Vladimir Putinə ultimatum verəcək".

TodayPress xəbər verir ki, "The Hill" qəzetinin jurnalistləri bu qənaətdədirlər.

Məlumatda bildirilir ki, o, seçkidə qalib gələrsə, ABŞ-nin köməyindən istifadə edərək Zelenskini danışıqlara razılaşdırmağa məcbur edə bilər:

"Tramp həm də Rusiyanı tam əks arqument ilə hədələyə bilər: ABŞ-nin Ukraynaya dəstəyini artırması və Rusiyaya qarşı sərt iqtisadi müharibə. Bu cür tədbirlər effektli ola bilər, çünki münaqişə tərəflərinin mövqeyi “zuqzvanq”a yaxındır, hər hansı bir hərəkət onların mövqelərinin daha pisləşməsinə səbəb olur". 

Beynəlxalq Böhran Qrupunun baş analitiki Simon Şleqel isə hesab edir ki, Trampın siyasi kursu qalib gələrsə, Kiyev üçün son dərəcə xoşagəlməz nəticələr olacaq. Onun sözlərinə görə, prezidentliyə namizəd Ukrayna münaqişəsinə tez bir zamanda son qoymaq istəyir və danışıqlar prosesinə başlamaq niyyətindədir. 

“Bütün bunlar, əlbəttə ki, Ukraynanı çox narahat edir. Ukraynalılar yaxşı bilirlər ki, asan çıxış yolu yoxdur və Ukrayna hökuməti Trampın qalib gələcəyi təqdirdə zəruri olacaq çox ağrılı qərarlar qəbul etməli olacaq” deyə analitik bildirib.

Öz növbəsində Corc Vaşinqton Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Robert Orttunq vurğulayır ki, Tramp Ukraynadan daha çox Rusiyaya üstünlük verir. 

Bunun əksini ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker iddia edib. Onun sözlərinə görə, Tramp seçkidə qalib gələrsə, vəzifəyə başlamazdan əvvəl Rusiyadan xüsusi hərbi əməliyyat zonasından qoşunları çıxarmağı tələb edə bilər.

Volker hesab edir ki, Ağ Evin 45-ci rəhbəri, ənənəyə görə, ABŞ-nin yeni prezidentinin andiçmə mərasimi keçirilən zaman Putinə zəng edib qoşunların çıxarılmasını, yanvarın 20-nə qədər tələb edə bilər. Onun sözlərinə görə, siyasətçi noyabrın 5-də keçirilməli olan prezident seçkilərindən dərhal sonra deyil, daha sonra belə bir addım atacaq.

Ukrayna prezidenti Volodimir Zelenski isə vurğulayıb ki, Tramp seçkidə qalib gəlsə, Kiyevi Ukrayna münaqişəsinə son qoymaq üçün ərazi güzəştlərinə getməyə inandıra bilməyəcək.

Zelenski Trampın qalib gələcəyi təqdirdə Vaşinqtonun Kiyevə hərbi yardımının dayandırılacağını proqnozlaşdırıb. Ukrayna liderinin sözlərinə görə, bu halda respublikanın özünü gücləndirmək barədə daxili planı var.

Töhfə Səməd

tag: Tramp, Zelenski, Ukrayna, ABŞ, Ağ Ev, todaypress.az,