Tramp andiçmə günündə yüzlərlə sərəncam imzalayacaq
Dünya
20.01.2025 10:38
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya günü 200-dən çox sərəncam imzalayacaq.
TodayPress xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Xüsusilə, Tramp Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edəcək, hərbçilərə ölkənin cənubunda asayişi təmin etmək üçün Daxili Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq etməyi tapşıracaq və bütün qeyri-qanuni immiqrantlar üçün sərhədin bağlandığını elan edəcək.
Yeni dövlət başçısı həmçinin ölkəni cinayətkar kartellərdən tamamilə təmizləmək məqsədi ilə Federal Təhqiqatlar Bürosu (FTB), İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və digər qurumların iştirakı ilə ABŞ-nin milli təhlükəsizliyini qorumaq üçün işçi qrupları yaradacaq.
Tramp narkotik kartellərini xarici terror təşkilatları elan etmək niyyətindədir.
Bundan əlavə, o, enerji ilə bağlı sərəncamlar verəcək və sələfi Cozef Baydenin ABŞ-nin enerji təchizatını məhdudlaşdırmaq siyasətini ləğv edəcək.
Nicat Osman
tag: ABŞ,Tramp,Meksika ,Federal Təhqiqatlar Bürosu,Todaypress.az,