Tramp ABŞ Müəllif Hüquqları Bürosunun rəhbərini vəzifədən azad etdi

Dünya

11.05.2025 16:45

10

ABŞ prezidenti Donald Trampın administrasiyası Müəllif Hüquqları Bürosunun rəhbəri Şira Perlmutteri vəzifəsindən azad edib. 

TodayPress xəbər verir ki, bu barədə "CBS News" məsələ ilə tanış iki mənbəyə istinadla məlumat yayıb.

Perlmutterin vəzifədən çıxarılması onun rəhbərlik etdiyi ofisin süni intellektlə bağlı müəllif hüquqlarını əhatə edən geniş hesabatın üçüncü hissəsini dərc etməsindən sonra baş verib. Hesabatda süni intellektin müəllif hüquqları ilə qorunan materiallardan istifadəsinə dair bir sıra narahatlıqlar və suallar yer alıb.

“AI modelinin inkişafı üçün nə qədər məlumat kifayətdir və məlumat həcminin azacıq artımı modelin imkanlarına necə təsir edir – bu hələ də açıq sualdır” deyə hesabatda bildirilir.

Şira Perlmutter bu vəzifəyə 2020-ci ilin oktyabrında, Trampın ilk prezidentliyi dövründə, o zaman ABŞ Konqres Kitabxanasının rəhbəri olan Karla Heyden tərəfindən təyin olunmuşdu. Heyden özü də bu həftə Tramp tərəfindən vəzifədən azad edilib.

Qeyd edək ki, ABŞ Müəllif Hüquqları Bürosu 450-yə yaxın əməkdaşı olan bir qurumdur və müəllif hüquqlarının qeydiyyatı, hüquq sahiblərinin məlumat bazası və qanunvericiliyin icrasına cavabdehdir.

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Müəllif Hüquqları Bürosu,Şira Perlmutteri ,todaypress.az,