Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqladı
Dünya
18.11.2024 20:22
ABŞ-nin yeni seçilmiş
Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı
deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət
tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “Axios” portalı
məlumat yayıb.
Məlumata görə, siyasətçi “Truth Social” sosial
şəbəkəsindəki səhifəsində “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri
Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və
o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək”
paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini yazıb.
“Axios” vurğulayır ki, bu, siyasətçinin qanunsuz
miqrantları ölkədən qovmaq üçün belə tədbirlər görməyə hazır olduğunu
təsdiqlədiyi ilk haldır.
Qeyd edək ki, Tramp dəfələrlə Prezident Bayden və onun
administrasiyasının miqrasiya siyasətini tənqid edib.
Portal qeyd edir ki, Tramp artıq öz gələcək
administrasiyasındakı vəzifələrə miqrasiya ilə bağlı sərt mövqeyi ilə tanınan
namizədləri irəli sürür. Belə ki, daha əvvəl Tramp keçmiş ABŞ-nin immiqrasiya
və gömrük polisinin direktoru vəzifələrini icra edən Tomas Homanı miqrasiya
siyasəti və sərhəd təhlükəsizliyinə cavabdeh şəxs kimi təyin edib.
“Axios”un məlumatına görə, ABŞ-də 11 milyon sənədsiz
miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir edə bilər.
tag: ABŞ, Tramp, Amerika, Fövqəladə, Tom, todaypress.az,