Tokayev: "Təyyarənin “qara qutu”sunun Braziliyaya göndərilməsi ən düzgün qərardır"
Aktauda baş verən təyyarə qəzasının səbəblərini obyektiv araşdırmaq üçün hökumət komissiyası uçuş qeydlərini deşifrə etmək üçün “qara qutu”nu təyyarənin istehsal olunduğu Braziliyaya göndərib.
TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Ana dili" qəzetinə müsahibəsində bildirib.
Tokayev bunun təyyarə qəzasının səbəblərinin araşdırılmasında obyektivliyi və qərəzsizliyi təmin etmək üçün düzgün qərar olduğunu deyib.
O əlavə edib ki, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün hökumət komissiyası yaradılıb. Eyni zamanda Mülki Aviasiya Beynəlxalq Təşkilatı da daxil olmaqla 17 beynəlxalq ekspert dəvət olunub.
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alıb. Təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Günəş Mərd
tag: Qazaxıstan ,Tokayev, Təyyarə, Qəza, Qara qutu, todaypress.az,