Tətil davam edəcək: “Boeing” 6 milyarddan çox zərər gördü
“Boeing” konserninin əməkdaşları rəhbərliyin IAM (International Association of Machinists and Aerospace Workers) həmkarlar ittifaqı ilə əldə etdiyi razılaşmanın əleyhinə çıxıblar.
TodayPress “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, beləliklə, konsernin müəssisələrində sentyabrın 13-də başlayan tətil davam edəcək.
Bir müddət öncə “Boeing” və IAM arasında yeni əmək müqaviləsinin şərtləri ilə bağlı razılığın əldə olunduğu barədə məlumat yayılmışdı. Razılaşmaya əsasən, konsernin rəhbərliyi dörd il ərzində işçilərin maaşlarını 35 faiz artırmalı idi. Lakin dünən keçirilən səsvermədə konsern əməkdaşlarının 64 faizi bu şərtləri rədd edib.
İstehsal müəssisələrində davam edən tətil “Boeing” konserninə ayda təxminən 1 milyard dollara başa gəlir. Oktyabrın 23-də dərc edilən hesabata əsasən, konsern üçüncü rübdə 6 milyard dollardan çox zərərə uğrayıb. Rəhbərlik müsbət pul axınına yalnız 2025-ci ilin ikinci yarısında çıxa biləcəkləri, növbəti üç rübdə isə zərərlə işləyəcəkləri ilə bağlı xəbərdarlıq edib.
“Boeing” konserninin səhmləri ilin əvvəlindən bəri təxminən 40 faiz ucuzlaşıb.
tag: Boeing,İstehsal, Əməkdaşlar,Zərər, todaypress.az,