"Tesla"nın tam avtopilot sistemi işə salınır

Dünya

09.01.2025 18:58

"Tesla"nın baş direktoru İlon Mask bildirib ki, onun şirkətinin avtomobillərində tam hüquqlu avtopilot 2025-ci ildə peyda olacaq. 

TodayPress xəbər verir ki, bu barədə "Electrek" məlumat yayıb.

Mask "X" sosial şəbəkəsində canlı yayım zamanı abunəçilərlə ünsiyyətdə olarkən texnologiyanın tam istifadəyə veriləcəyini vəd edib.

Sahibkar qeyd edib ki, "Tesla" tam formada özü idarə olunan (FSD: Full Self-Driving) avtopilotunu 2025-ci ildə işə salmağı planlaşdırır.

Onun sözlərinə görə, şirkət əməkdaşları artıq proqramın yeni versiyasını sınaqdan keçirirlər ki, bu da avtomobillərin insan nəzarəti olmadan hərəkət etməsinə imkan verəcək.

O, həmçinin ABŞ-nin San Fransisko şəhərindəki Körfəz bölgəsində insansız avtomobilin sınaqlarının keçirildiyini etiraf edib.

Tam avtonom elektrik avtomobil layihəsi "Tesla"nın 2024-cü ildə elan etdiyi robot taksi ilə bağlıdır.

"Electrek" qeyd edib ki, Mask ilk dəfə deyil ki, tam hüquqlu avtopilotu işə salmağa söz verir və hər dəfə qeyri-real müddətə bunu planlaşdırır.

Hazırda "Tesla" avtomobilləri sürücünün nəqliyyat vasitəsinin hərəkətlərinə nəzarət etdiyi məhdud avtopilotdan istifadə etməklə hərəkət edə bilir.

Nəşr onu da vurğulayır ki, Mask korporasiyasının ictimai yollarda tam pilotsuz nəqliyyat vasitələrini sınaqdan keçirməyə icazəsi yoxdur, ona görə də şirkət öz avtomobillərini yalnız xüsusi sınaq meydançalarında idarə edə bilər.

Töhfə Səməd

tag: Tesla,İlon Mask,Şirkət,X,Todaypress.az,