Suriyada üsyançılar Hələbə daxil oldu
Dünya
29.11.2024 20:00
Suriyalı üsyançılar iki minalanmış
avtomobili partlatmaqla ölkənin ikinci ən böyük şəhəri olan Hələbə daxil olub
və şəhərin qərb kənarında hökumət qüvvələri ilə toqquşmaya girib.
TodayPress xəbər verir ki, bu barədə Qərb mətbuatı
məlumat yayıb.
Qeyd olunur ki, Suriyanın müxalifət qüvvələri uzun sürən
döyüşlər nəticəsində Hələbdən sıxışdırılıb çıxarıldığı 2016-cı ildən bəri ilk
dəfə şəhərə daxil olub.
Məlumata görə, şəhərin qərbində yerləşən Hələb Cədid,
Həmdaniyyə, Əl-Furkan, Yeni Hələb, Salah əd-Din kimi bir neçə bölgə artıq
müxalifət qüvvələrinin nəzarətindədir.
Suriyanın dövlət xəbər agentliyi SANA isə hökumət
qüvvələrinin İdlibdə və Hələbin ətrafında üsyançılar ələ keçirdikləri mövqelərə
nəzarəti yenidən bərpa etdiklərini bildirib.
“Qüvvələrimiz silahlı qrupların böyük hücumunu dəf etməyə
davam edir. Üstəlik, müəyyən mövqelərə nəzarəti bərpa etməyi bacarmışıq” Suriya ordusundan bildirilib.
Eyni zamanda “Al Jazerra” telekanalı Suriyanın dövlət
mediasına istinadən xəbər verib ki, üsyançıların Hələbə hücumu nəticəsində azı
4 nəfər ölüb. Məlumata görə, üsyançılar Suriyanın şimal-qərbində hökumət
qüvvələrinin nəzarətində olan mövqelərə hücumlarını gücləndirib.
tag: Suriya, Hələb, Qərb, Salah, SANA, todaypress.az,