Stoltenberq: "Çin Rusiyanı dəstəkləməyin bədəlini ödəməlidir"
Dünya
18.06.2024 21:09
“Çin, Putinin müharibəsini dəstəkləməyin bədəlini ödəməlidir”.
TodayPress xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib. BBC-ə müsahibəsində Çinin həm Rusiyanı müharibədə dəstəklədiyini, həm də Avropalı müttəfiqlərlə münasibətlərini mühafizə etməyə çalışdığını bildirən Stoltenberq bu vəziyyətin uzun müddət davam edə bilməyəcəyini bildirib.
Həftə sonu İsveçrədə keçirilən sülh sammitinə qatılan bir çox ölkə Ukraynaya dəstək sözü verərkən, Rusiya sammiti "vaxt itkisi" kimi qiymətləndirmişdi. Kremldən verilən açıqlamada Rusiyanın sülh danışıqlarına yalnız Ukrayna ilə başlayacağı vurğulanmışdı. NATO-nun baş katibi Yens Stoltenberq BBC-nin alyansa üzv ölkələrin Çinin Rusiyaya dəstəyi ilə bağlı nə edə biləcəyi ilə bağlı sualına belə cavab verib: “Mümkün sanksiyalarla bağlı danışıqlar davam edir”. Çinin Rusiya ilə bir çox sahədə texnologiya paylaşdığını və Rusiyanın bu əlaqə nəticəsində istehsal etdiyi raket və silahları Ukraynaya qarşı istifadə etdiyini vurğulayan Stoltenberq, “Çin bu davranışını dəyişməzsə, müəyyən bir mərhələdən sonra iqtisadi bədəl ödətməyi düşünməliyik” deyə baş katib vurğulayıb.
GÜNEL
tag: NATO, Yens Stoltenberq, Rusiya, İsveçrə, todaypress.az,