Somalidə miqrasiyanın əsas səbəblərinə dayanıqlı həllər axtarılır
Keniyanın paytaxtı Nayrobidə keçirilən İllik Miqrasiya Konfransı çərçivəsində siyasətçilər, miqrasiya üzrə ekspertlər və regional tərəfdaşlar Somalidə köç və məcburi köçkünlüyün əsas səbəblərinə uzunmüddətli və dayanıqlı həll yolları tapmağa çağırıblar.
TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
“Somalidə Miqrasiya üçün Dayanıqlı Həllərin Təmini” mövzusu altında keçirilən tədbirə hökumət nümayəndələri, regional təşkilatlar, BMT, vətəndaş cəmiyyəti qurumları və akademik institutlar qatılıb.
Müzakirələrdə münaqişə, yoxsulluq, iqlim dəyişiklikləri və zəif idarəetmə strukturlarının Somalidə köçün əsas səbəbləri olduğu vurğulanıb. Somalinin Keniyadakı səfiri Cəbril İbrahim Abdulle bildirib ki, qanunsuz miqrasiyanın və daxili köçkünlüyün qarşısını almaq üçün davamlı sülh, sosial-iqtisadi inkişaf və transsərhəd əməkdaşlıq vacibdir:
“Həllər yalnız fövqəladə reaksiyalarla məhdudlaşmamalı, somalililər tərəfindən idarə olunmalı və region səviyyəsində dəstəklənməlidir” deyə o qeyd edib.
İnkişaf üçün Hökumətlərarası Təşkilatın İqlim Proqnozu və Tətbiqlər Mərkəzinin mütəxəssisi Məhəmməd Ömər isə Somalidə iqlim dəyişikliyi səbəbilə köçün artdığını, xüsusilə təkrarlanan daşqınlar, quraqlıqlar və səhralaşma nəticəsində insanların öz yurdlarını tərk etdiyini bildirib. Onun sözlərinə görə, erkən xəbərdarlıq sistemlərinə əsaslanan planlama bu risklərin azaldılmasında mühüm rol oynaya bilər.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) nümayəndəsi Bişaro Əli Hüseyn isə bildirib ki, qanuni miqrantlar, göndərdikləri pul köçürmələri və texnoloji bilikləri ilə doğma ölkələrinə fayda verir.
O əlavə edib ki, IOM Somalidə inklüziv və sübuta əsaslanan miqrasiya siyasətlərinin tətbiqinə tam dəstək verir.
Qiymət Mahir
tag: Somali,Miqrasiya,Həll,Üsul,Todaypress.az,