Şolts Trampın Ukraynadan tələbinə etiraz etdi

Dünya

04.02.2025 19:10

Almaniya kansleri Olaf Şolts ABŞ prezidenti Donald Trampın Ukraynadan maliyyə yardımı müqabilində nadir torpaq metallarını tədarük etməsi tələbini tənqid edib. 

TodayPress xəbər verir ki, bu barədə Şolts 3 fevral Brüsseldə keçirilən qeyri-rəsmi Avropa İttifaqı (Aİ) müdafiə sammitindən sonra danışıb. 

“Bu resurslar müharibədən sonra lazım olacaq hər şeyi maliyyələşdirmək üçün istifadə olunmalıdır” deyə kansler bildirib. 

Onun fikrincə, Ukraynaya ayrılan maliyyə vəsaitlərini hazırda yalnız müdafiə məqsədilə xərcləmək eqoist yanaşma olar.

Şolts əlavə edib ki, gələcəkdə Ukraynaya güclü ordu və ölkənin bərpası üçün maliyyə resursları lazım olacaq:

“Ukraynada baş verən genişmiqyaslı dağıntıları nəzərə alsaq, bu, böyük problemdir. Məhz buna görə düşünürəm ki, Ukraynanın resursları daha yaxşı gələcək üçün istifadə olunmalıdır” deyə Almaniya kansleri vurğulayıb.

Xatırladaq ki, bundan öncə Donald Tramp Ukraynaya yardımın davam edəcəyini, lakin bunun əvəzində Kiyevin ABŞ-yə nadir torpaq metallarını tədarük etməli olduğunu bildirmişdi.

Qiymət Mahir

tag: Olaf Şolts ,Ukrayna,ABŞ,Avropa İttifaqı,Donald Tramp,Kiyev,todaypress.az,