Siyartodan sərt tələb: Fon der Lyayenin mesajları açıqlanmalıdır
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin "Pfizer" şirkəti ilə əlaqələrinin dərhal ictimaiyyətə açıqlanmasını tələb edib.
TodayPress xəbər verir ki, o, bunu Avropa ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqdakı toplantısından sonra jurnalistlərə açıqlamasında deyib.
Siyarto bildirib ki, Brüssel bu qərara hörmətlə yanaşmalı və fon der Lyayenin şirkət rəhbəri Albert Burla ilə yazışmalarını dərhal dərc etməlidir.
“Biz təkid edirik ki, bu məlumatlar dərhal açıqlansın. Hansı maliyyə məsələlərini müzakirə ediblər? Niyə Avropa Komissiyası belə böyük məbləğdə vəsait ödəyib? Niyə vaksinasiya prosesi Avropada gecikdi və bir çox ölkənin səhiyyə sistemi iflas həddinə çatdı? Nə üçün Avropa vaksin təminatında geridə qaldı?” deyə nazir mətbuat konfransında suallar səsləndirib.
Siyarto, həmçinin bildirib ki, bundan sonra Macarıstan Ursula fon der Lyayenin ölkəsinə qarşı səsləndirdiyi heç bir tənqidi qəbul etməyəcək. Onun sözlərinə görə, məhkəmə qərarı fon der Lyayenin “vaksinləri şübhəli şəkildə sifariş etməsi və "Pfizer" rəhbəri ilə əlaqələrini gizlətməsi” faktını üzə çıxarıb.
“Fon der Lyayen Macarıstandakı demokratiyanı tənqid edən sonuncu şəxs olmalıdır. Artıq ondan heç bir tənqid eşitmək istəmirik” deyə Peter Siyarto fikrini yekunlaşdırıb.
Töhfə Səməd
tag: Macarıstan,Ursula fon der Lyayen,Pfizer,Peter Siyarto,todaypress.az,